Qaxda özünü asan kişini son anda qızı xilas etdi
Qaxda özünü asan 65 yaşlı kişi son anda övladı tərəfdən xilas edilib.
Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 4-də günorta saatlarında Qax şəhəri Yunis Əmrə küçəsi ev 15 ünvanında yaşan, 1950-ci il təvəllüdlü İrodan Babacanaşvili travmatik şok vəziyyətində xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 65 yaşlı üç uşaq atası olan İrodan Babacanaşvili özünü yaşadığı evdə çardağına çıxmaq üçün istifadə edilən keçiddə intihar etmək məqsədilə asıb.
Evin həyətyanı sahəsində olan İrodan Babacanaşvilinin qızı evin içərisindən gələn səsi yoxlamaq üçün evə qalxan zaman atasını asılı vəziyyətdə görüb. Qız kəsici alətlə atası asılan kəndiri kəsərək onu son nəfəsdə xilas edib.
İrodan Babacanaşvilinin özünü intihar etmək istədiyi zaman içkili vəziyyətdə olduğu bildirilir. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı kişinin vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.