Goranboy daşqınlara təslim oldu: bir ailə evsiz qaldı
Ötən gecədən yağan güclü yağışlar Goranboy rayonunda da fəsadlara yol açıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, sel suları bir ailəni evsiz qoyub.
Fasiləsiz yağan yağışlar nəticəsində rayon ərazisindən keçən Goran və Qaraçay çaylarında suyun səviyyəsi artıb. Məcrasından çıxan çay ona yaxın yaşayış məntəqəsini basıb. Nəticədə kənd təsərrüfatı ilə yanaşı, insanların fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə zərər dəyib. Evlərin zirzəmisi su ilə dolub. Ev quşları arasında tələfat qeydə alınıb.
Veyisli kəndində bir yaşayış evinin divarı uçub. Kənd təsərrüfatına ciddi ziyan dəyib. Əkin sahələri suyun altında qalıb.
Sel sularının güclü olması nəticəsində əsasən kənd arası yol təsərrüfatlarına da ziyan dəyib. Fəsadların aradan qaldırılması üçün rayondakı bütün texnikalar səfərbər olub. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb.
Hazırda Goranboy rayon Fövqəladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəymiş zərərin miqyasını müəyyənləşdirir.