Şirvanda silsilə oğurluqlar edən şəxs tutuldu

Şirvanda 5 mağazadan oğurluq edən şəxs saxlanılıb.

 

Şirvan şəhər Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhəri H.Z.Tağıyev küçəsi, 1 mənzil 2 ünvanında yaşayan 1972-ci il təvəllüdlü İlham Gülağa oğlu Zeynalov Şirvan sahibkarlarına məxsus mağazalardan oğurluqda şübhəli bilinərək saxlanılıb.

 

İlham Zeynalov əvvəllər qanunsuz silah gəzdirmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma və dövlət əmlakını oğurlama maddələri ilə dəfələrlə məhkum edilib. Müxtəlif vaxtlarda eyni üsulla - mağazaların dam örtüyünü deşərək içəri daxil olan adı çəkilən şəxs oradan təxminən 7 min manat dəyərində ərzaq malları, mobil telefon konturları, siqaret, məişət texnikası və nağd pul götürüb.

 

İlham Zeynalov bu gecə Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən mağazadan oğurluq edərkən mühafizə siqnalı işə düşüb. Şirvan şəhər Polis Şöbəsinin və mühafizə   idarəsinin hadisə yerinə gələn əməkdaşları oğrunu mağazada yaxalayıblar. İlham Zeynalovun özünün etiraf etdiyinə görə, 8 mağazadan oğurluq edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı