Təhsil Nazirliyi: İş dəftərlərinin olması məcburi deyil
Bu ilin sonuna kimi Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq.
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
O bildirib ki, diaqnostik qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabadın təhsil müəssisələrində keçiriləcək: "Hazırda texniki məsələlər müzakirə olunur ki, qiymətləndirmə birinci hansı şəhərdə keçirilsin. Diaqnostik qiymətləndirmə ümumilikdə 35-40 min müəllimi əhatə edəcək".
Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov isə deyib ki, bu il müəllim ixtisasını seçən 300 nəfər “Gələcəyin müəllimi” təqaüdü alacaq: "Bu il qəbul imtahanında 8656 nəfər müəllim ixtisasını seçib. Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur".
Bakı məktəblərində bufetlərin vəziyyətinə toxunan C.Valehov bununla bağlı monitorinqlərin aparıldığını da söyləyib. Bufetlərdə nələr satıla bilər, nələr satıla bilməz, monitorinqlərin nəticələrinə uyğun olaraq qərar veriləcək.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məktəblərdə iş dəftərlərinin müəllimlər tərəfindən məcburi alınmasına münasibət bildirib. Şöbə müdiri deyib ki, bu məcburi deyil: "Qismən birinci siniflər istisna olmaqla digər siniflərdə iş dəftərləri məcburi deyil. Bu məktəblərdə ki, valideynlər məcbur olunur müəllimlər tərəfindən ki, iş dəftərləri alınsın, bu düzgün deyil. Əgər konkret faktlar varsa, hansı məktəblərdə bu baş verirsə, bizə bildirin, biz o məktəblər barədə ölçü götürərik".