Bakıda dəhşətli qəza: 2 ölü, 6 yaralı
Bakıda baş verən dəhşətli yol qəzası nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır xəsarətlər alıb. APA-nın məlumatına görə, hadisə Zığ şosesində qeydə alınıb.
İri şirkətlərdən birinə məxsus "Toyota" markalı avtomobil şose ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb, daha 7 nəfər isə yaralanıb. Yaralılardan 48 yaşlı Eyvaz Osmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və dünyasını dəyişib.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA TV-yə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə 6 ağır yaralı yerləşdirilib. Onlar 37 yaşlı Mehdi Əlihüseynov, 38 yaşlı Dadaş Ağayev, 44 yaşlı Mehman Məhərrəmov, 55 yaşlı Elşən Dəmirov, 26 yaşlı Bəxtiyar Qəribov və 25 yaşlı Zahid Zeynalovdur.
İlkin ehtimala görə, qəzaya yüksək sürət və yağışlı hava səbəb olub.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində ölən şəxsin kimliyi dəqiqləşdirilir.