Bərdədə "Niva" kanala düşdü: sürücü yaralıları qoyub qaçdı
Bərdənin Həsənqaya kəndində "Niva" markalı avtomobil Şorsu kanalına düşüb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı maşında sürücü və 3 sərnişin olub.
Maşından 4 nəfər çıxıb. Sürücü və sərnişinlərdən biri hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn yerli sakinlər ağır vəziyyətdə olan digər sərnişinləri - Bərdə rayonunun Qarağacı kənd sakini, 41 yaşlı Hafiz Fəzail oğlu Abdullayev və Yevlax şəhər sakini, 22 yaşlı İsmayılov Emil Məhərrəm oğlunu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanadan APA-ya bildirilib ki, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.
Bərdə polisi qəza törətdikdən sonra qaçan sürücünü axtarır. Hadisə yerinə gələn FHN-in Qarabağ Regional İdarəsinin xilasetmə qrupu maşını kanaldan çıxarıb. Avtomobil isə Bərdə rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.
İlkin ehtimala görə, avtomobildəkilər yaxınlıqdakı kafedən çıxıblarmış və sürücü sərxoş olub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.