Rusiyada quldurluq edən 22 yaşlı azərbaycanlı ələ keçdi
Rusiyanın Yekaterinburq şəhərində zərgərlik salonuna basqına görə iki azərbaycanlı tutulub. APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 19-da baş verib.
Qafqazlı görünüşlü üç nəfər mağazaya girərək, içəridəkiləri bıçaqla hədələyib. Onlar satıcıların əllərini və ağızlarını bağlayıb, zərgərlik məmulatlarını aparıblar.
Basqınçılar maskasız olub və onların hərəkətləri mağazanın müşahidə kameralarına düşüb. Polis həmin görüntülər əsasında quldurluq etmiş şəxslərin axtarışına başlayıb. Dünən onlardan ikisini həbs etmək mümkün olub. Saratov vilayətinin Daxili İşlər İdarəsi saxlanılanların adlarını açıqlamasa da, yaşlarının 22 və 23 olduğu bildirilib. O da məlum olub ki, saxlanılanlardan biri külli miqdarda dələduzluq etdiyinə görə barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunub.
Zərgərlik mağazasının rəhbərliyi oğurlanan zərgərlik məmulatlarının ümumi dəyərinin 5-6 milyon rubl olduğunu bildirib.