Fazil Mustafa: "Nuru Paşanın xatirəsi əbədiləşdirilməlidir"
"Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn əsgərlər heç bir təmənna güdmədən canlarını, qanlarını Azərbaycan xalqının yolunda fəda edərək Azərbaycana dövlət qazanmaq yolunda şans veriblər".
APA TV xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirdi. Millət vəkili hesab edir ki, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bolşevik təcavüzünün qarşısının alınması və Bakının işğaldan azad olunması birbaşa Nuru Paşanın adı ilə bağlı olduğundan bu insanların xatirəsi əbədiləşdirilməlidi.
Millət vəkili Qənirə Paşayeva isə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın göstərdiyi xidmətlərə görə, onun Bakının görkəmli yerində abidəsinin ucaldılmasını vacib hesab edir:"Eyni zamanda bu tarixlə birbaşa əlaqəsi olan general Əlağa Şıxlinskinin qəbrinin 2 ci fəxri xiyabandan birinci Fəxri Xiyabana köçürülməsi, eləcədə Səməd bəy Mehmandarovun Dağüstü park ərazisində itmiş hesab edilən qəbrinin aşkarlanaraq, yerində abidə ucaldılması vacibdir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 1918-1920-ci illlər Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndirərək, hazırda bu münasibətlərin istənilən səviyyədə olmadığını bildirdi.
Sonda tədbir iştirakçıları adından Nuru Paşa və Qafqaz İslam Ordusunun xatirəsinin və Bakının işğaldan azad olunduğu tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.