Rüstəm İbrahimbəyov: "Məni məcbur elədilər"
"Mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məcbur elədilər. Artıq siyasətlə məşğul olmuram və olmayacağam".
Bunu APA-ya Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib. Bildirdiyinə görə, Milli Şuranın yaradılması onun təşəbbüsü olub: "İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim".
Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxma məsələsinin ləngiməsini məhz Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri ilə bağlayır: " Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunu məsuliyyətlə deyirəm".
O, namizədliyinin qeydə alınmamasının da qanunsuz olduğunu bildirib. Milli Şura sədri onun namizədliyi uğrunda mübarizə aparılmadığını qeyd edib. Lakin o, qeydiyyatdan keçməməyinə və Cəmil Həsənlinin qeydiyyata alınmasına görə təəssüf etmir.
Rüstəm İbrahimbəyov vahid namizəd olmadığı və seçkilərdə iştirak etmədiyi üçün Rusiya vətəndaşlığından çıxmama ehtimalı olduğunu da deyib: "Vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimai həyatında iştirak edə bilməyəcəm. Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var".
Kinematoqraf “Milyaderlər ittifaqı”nı əfsanə adlandırıb.