Son zəng günü atasının meyitini tapan məzun, qətli törətdiyi deyilən 80 yaşlı ata - BİR QƏTLİN İZİ İLƏ

Hər şey 2001-ci il sentyabrın 19-dan 20-ə keçən gecə baş verir. Quba rayonunun Hacıqayıb kənd sakini Elman Əliyev bir gecənin içində yoxa çıxır. Səhəri gün Elman Əliyevin ikinci dəfə ailə həyatı qurduğu qadın, 1976-cı il təvəllüdlü Yeganə Ərəbova ailə üzvlərinə məlumat verir ki, gecə saatlarında Elmanın arxasınca maşın gəlib. Və o, sənədlərini götürərək Yeganəyə Rusiyaya getdiyi deyib. Bundan sonra Elman Əliyevdən düz 14 il heç bir xəbər çıxmayıb.

 

Bu ilin mayında adı çəkilən şəxsin meyiti tapılıb. Həm də həyətdəki köhnə ayaqyoludan. Bağda köhnə tualet quyusunun yerinin qazılması ideyası ailənin yaxın qohumu, eləcə də Elman Əliyevin birinci həyat yoldaşının dayısı Elman Məmmədovun ağlına gəlib.

 

Öldürülən şəxsin qardaşı Eldar Əliyev meyitin tapılması prosesini belə izah edir: "2015-ci il mayın 29-da bacımın yoldaşı Elman Məmmədov gəlib dedi ki, həyətinizi qazmalıyıq, Elşənin pal-paltarı buradan çıxmalıyıq. Nə isə, biz oranı qazdıq. Sellofan torbanın içindən bir sümük düşdü. Dedik ki, bəlkə heyvan sümüyüdür. Dedi, yox, elə budur. Sevincək gəlib girdi alt evimizə. Zəng elədi 102-yə. Sellofanı alıb apardılar. Sonra dedilər ki, Yeganə Ərəbovanı tutublar. Səhəri gün Elman Məmmədov evə zəng elədi ki, atanın pasportunda adı düz düşməyib, atanı da götür, gəl bura. Qardaşım oğlu atamı apardı, tutub saldılar içəri ki, sən öldürmüsən".

 

Qardaşının sözlərinə görə, Elmanın qətlində atasının heç bir günahı yoxdur. O bildirib ki, hadisədən il yarım sonra qardaşının ikinci həyat yoldaşı ilə ailə üzvləri arasında mübahisə yaranıb. Sahə müvəkkilinin köməyi ilə qadın həmin evdən çıxarılıb: "Atam  həmişə deyərdi  gedin axtarın, polisə gedin. Uşaq yiyəsiz qalıb, mən ölürəm. Yol pulumuzu verərdi. Atam öldürsəydi, nə zamansa sayıqlayardı, deyərdi mən öldürmüşəm, hadisə belə-belə olub və sair..."

 

Baş verənlərdən sonra oğlunu öldürməkdə təqsirləndirilən 80 yaşlı Həsən Əliyevin həyat yoldaşının səhhəti ağırlaşıb. Çətinliklə danışan qadın ərinin öz oğlunu öldürdüyünə inanmır.

 

Meyitin quyudan tapılması prosesində mərhumun birinci nikahından olan oğlu  Ravid Əliyev də iştirak edib. Ravid Əliyev də babasının qatil olmadığına əmindir: "Babam heç vaxt qatil ola bilməz. Balacalıqdan özü saxlayıb məni. Elə idisə, bu ev-eşiyi niyə tikib mənə..."

 

Qeyd edək ki, hadisə baş verən zaman öldürülən şəxsin atası Həsən Əliyevin 67 yaşı olub. O və Elman Əliyevin ikinci həyat yoldaşı qətldə təqsirləndirilən şəxs qismində həbs olunub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan