Üstü unlu adamların çörəyi...

Bu gün çörəyin çəkisindən, ya da keyfiyyətindən yox, buğdanı un halına gətirmək üçün istifadə olunan, yaxud istifadə olunmayan dəyirmanların fəaliyyətindən danışacayıq. İndi ölkənin rayonlarında istifadəyə yararlı şəkildə mövcud olan 900-a yaxın dəyirmanın potensialından 20-25 faiz səviyyəsində istifadə edilir. Bəs bu dəyirmanların fəaliyyəti hazırda hansı səviyyədədir? APA TV bunu ilk olaraq rayonlarda araşdırıb.

 

Əvvəllər burda yaxın kəndləri əhatə edən ərazidə bir dəyirman olub. Taxılın burda üyüdülməsi yolun yaxınlığı və xərci baxımından sərfəli idi. İndi isə fəaliyyətdə olan dəyirmanlar həm sayca azdır, həm də yol xərci və üstəgəl buğdanın üyüdülmə xərcləri sərfəli deyil. Bundan başqa, hazırda mağazalarda müxtəlif çeşiddə un satışının xeyli artması dəyirmanlara un üyütmək üçün gedən insanların sayını azaldıb.
 

Sakinlər bu yaxınlara qədər dövlət nəzarətində olan bir neçə dəyirmanın fəaliyyət göstərdiyini, lakin özəlləşmədən sonra bu dəyirmanların da fəaliyyətinin dayandığını bildirirlər.
 

Göyçayda 15-20 il öncə 30-a yaxın dəyirman olub. İndi onlardan yalnız 5-i fəaliyyət göstərir. Bunlardan biri su dəyirmanıdır.
 

Yerli camaat deyir ki, qədimdə Azərbaycanda taxılın una çevrilməsində sadə dən daşlarından istifadə olunurdu. Taxılçılığın inkişafı nəticəsində əl dəyirmanlarını sonradan su dəyirmanları əvəz edib. Hazırda Azərbaycanın bir neçə kəndində qədim tarixə malik olan su dəyirmanları mövcuddur. Bu dəyirmanlardan çoxu işləməsə də Göyçayın Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı bu gün də insanlara xidmət göstərir.

Dəyirmançı Şirzad Cəbiyev bildirib ki, bu dəyirman fəaliyyət göstərsə də son illərdə bura gələn insanların sayı kəskin şəkildə azalıb. Bunun əsas səbəbi insanların rahatlıq axtarması ilə əlaqəlidir. Onun sözlərinə görə son vaxtlar gün ərzində 2-3 nəfər dəyirmana taxıl gətirir. On beş il öncə isə dəyirmanlarda taxıl üyütmək üçün saatlarla böyük növbələr yaranırdı.
 

Bəs görəsən Bakıda dəyirmanların fəaliyyəti hansı səviyyədədir?
 

Araşdırmamızın nəticəsində belə məlum oldu ki , Bakıda köhnə və müasir avadanlıqla təchiz olunmuş dəyirmanlar az deyil. İstədik müasir avadanlıqla təhciz olunmuş bir dəyirmanla biz də tanış olaq. Görək fərq nədədir?
 

Yəqin nəsə deməyə ehtiyac yoxdur, fərq göz qabağındadır.
 

Çörəyin dadına və keyfiyyətinə gəlincə - əvvələr dəyirmanda üyüdülən unun içində kəpək qalırdı ki, bu da çörəyə xüsusi dad verir, həm də sağlamlığımız üçün xeyirli hesab edilirdi. İndi də bu cür unlar var, ancaq bu unlar əla növ una qatılmır. İkinci sort dediyimiz unun tərkibində kəpək olur. Yəni indi hər şeydə olduğu kimi burda da iş rahatlaşdırılıb. Kim istəyir ikinci sort unla çörək bişirir, kim istəyir əla növ unla.
 

Yeni avadanlıq, yeni texnologiya inkişaf üçün mütləqdir. Ancaq köhnəni və keçmişi unutmamaq şərti ilə.
 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova