"Reuters": Rusiyanı Suriyaya girməyə İran təhrik edib
"Bu ilin iyulunda İran generalı Qasım Süleymaninin Moskvaya səfəri Rusiyanın Suriyada əməliyyatlara başlamasının əsas səbəbidir". APA TV-nin məlumatına görə, bu açıqlamanı "Reuters" yayıb. Məhz İran generalının Rusiyalı həmkarlarını bu addımı atmağa və Bəşər Əsəd üçün hələ hər şeyin bitmədiyinə əmin etdiyi deyilir.
Onun Rusiyanın yüksək çinli hərbçiləri ilə Suriyada hökumət qüvvələrinin məğlubiyyətini Kremlin dəstəyi ilə necə qələbəyə çevrəcəklərini xəritə üzərində aydınlaşdırdıqları iddia edilir. Moskvada Rusiyanın Suriyanın Tartus şəhərindəki hərbi bazasının gücündən hansı istiqamətdə istifadə etməyin yolları da müzakirə edilib.
"Süleymani həmin görüşdə Suriyanın xəritəsini açıb. Ruslar isə həmin vaxta qədər Bəşər Əsədin devriləcəyindən narahat idilər. İran generalı onları hələ heç nəyin itirilmədiyinə əmin edib", deyə qeyd olunur.
Bu görüşdən bir neçə ay əvvəl isə Rusiya və İran tərəflərinin Suriyada müxalifətdən və İŞİD-dən qurtulmağın yolları barədə birgə plan hazırladıqları iddia olunur. Plana görə, Rusiya təyyarələri havadan, İran ordusu isə yerdən Suriya ərazisinə daxil olmalı idi. Bu vaxta qədər isə Qasım Süleymaninin rəhbərliyi ilə İran tərəfi Suriya ərazisində bir neçə quru əməliyyatı həyata keçirib. Hazırda isə yeni Rusiya-İran birgə əməliyyatlarının hazırlığı gedir.
İran generalının Moskva səfərində Bəşər Əsədə birmənalı olaraq dəstək verilməsi məsələsi də razılaşdırılıb. Onun Moskvada hətta prezident Vladimir Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyü də deyilir.
Rusiya paytaxtına səfərindən sonra Qasım Süleymaninin şəxsən İranın ali dini lideri Əli Xamneyinin göstərişi ilə Suriyaya bir neçə dəfə getdiyi vurğulanır.