Bakının məşhur küçəsində təmir işlərinə başlandı
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən daha bir küçədə təmir-tikinti işlərinə start verilib.
APA TV-nin xəbərinə görə, söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsindən gedir.
Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Hazırda Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bunun üçün köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 36500 kvadrat metr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.
Qeyd edək ki, Bakının bir sıra məşhur restoranları Mikayıl Əliyev küçəsində və ya onun yaxınlığında yerləşir.