Gədəbəydə oğlu həbsdə olan ata özünü yandırdı

Gədəbəydə intihara cəhd olub. APA-TV-nın qərb bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü rayon sakini Mahir Əhmədov bədənin müxtəlif hissələrinin 2-ci dərəcəli termiki yanığı xəsarəti il ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Dərhal tibbi yardım göstərilsə də, 61 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir. Həyat yoldaşı Tamella Vəliyevanın dediyinə görə, Mahir Əhmədov oğlunun haqsız yerə həbs edilməsinə dözə bilməyərək bu yola əl atıb. O bildirib ki, təxminən iki ay öncə Gədəbəy rayonunun Saratovka kəndində keçirilən toy məclisində baş verən dava zamanı oğlunu bir neçə nəfər döyüb. Əraziyə gələn polis işçiləri oğlunu aparmaq istəyərkən insident yaşanıb.

 

Həbsdə olan oğlu ilə görüşə bilməyən Tamella Vəliyeva həyat yoldaşının intihara cəhd etməsində rayon Polis Şöbəsini günahlandırıb.

 

Gədəbəy rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, Mahir Əhmədovun oğlu Röyal iki dəfə məhkumluq həyatı yaşayıb. İki ay öncə polisə müqavimət göstərdiyinə və xuliqanlıq etdiyinə görə saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli