Samir Şərifov: "Milli valyutamız fevralda ona görə devalvasiyaya uğradı ki..."
"Qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyəri artıb. Onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi: "Buna görə milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir. Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb".
Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1 faiz az, yəni 3,3 faiz olacağının gözlənildiyini deyən nazir əlavə edib ki, cari ilin sonuna neft sektorunda 0,6 faiz, qeyri-neft sektorunda 5,9 faiz artım proqnozlaşdırılır: "Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1 faiz azdır. Cari ilin xərclərinin icrası isə 84 faizi səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16 faiz azdır".
Samir Şərifov cari ilin makroiqtisadi göstəricilərinə toxunub. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır. Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının təsdiqlənmiş proqnozdan aşağı olacağı deyən Samir Şərifov deyib ki, 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfert 10,388 mlrd. manat həcmində proqnozlaşdırılsa da, onun icra göstəricisinin 8,130 mlrd. manat həcmində olacağı gözlənilir.
Qeyd edək ki, ilkin olaraq 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri isə 21 mlrd. manat həcmində proqnozlaşdırılırdı. 2016-cı ildə Neft Fondundan transfertin 6 mlrd. manat olması proqnozlaşdırılır, bu da 2015-ci ilin proqnozundan 42,2 faiz azdır.