Avtovağzal ərazisində sürüşmə: dayanacaq çökdü
Bakının əsas yollarından birində sürüşmə qeydə alınıb. APA TV-nin xəbərinə görə, hadisə Avtovağzal kompleksinin önündə qeydə alınıb.
Dərhal qabaqlayıcı tədbirlər görülüb ki, ölkənin şimal bölgələri ilə Bakını birləşdirən əsas yolda nəqliyyatın hərəkətində sıxlıq yaranmasın.
Sürüşmə nəticəsində yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib, istinad divarı əyilib, yolun Avtovağzala yaxın hissəsində çatlar əmələ gəlib. Sumqayıt, Xırdalan şəhərləri və Masazır, Biləcəri qəsəbələrindən şəhərin müxtəlif yerlərinə istiqamətlənən avtobusların dövrə etdiyi dayanacaq hissəsi yararsız vəziyyətə düşüb.
"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, hazırda yolun çökməsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Yekun akt isə FHN tərəfindən tərtib olunacaq.
Əraziyə FHN Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinin iki institutunun ekspertləri də baxış keçiriblər. Yolun konstruksiyası yoxlanılıb, sabah səhərdən etibarən yolda aqreqatlar işləyəcək. Yolun vəziyyəti ilə bağlı yekun akt sabah tərtib olunacaq.