Masallıda güclü yanğın: mebel sexi külə döndü

Masallıda güclü yanğın olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də saat 13.30 radələrində rayonun Tatyanoba kənd sakini, 46 yaşlı Süleyman Mikayıl oğlu Qurbanova məxsus fərdi  təsərrüfatda qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3, əlavə olaraq qonşu Göytəpə şəhərindən isə 1 yanğınsöndürən maşın, həmçinin canlı qüvvə səfərbər olunub.

 

Güclü alov dalğası ilə təqribən 3 saatdan yuxarı davam edən mübarizə sonda yanğının lokallaşdırılması ilə nəticələnib.

 

Yanğın zamanı xəsarət alan olmasa da, təsərrüfat sahibinə məxsus ümumi sahəsi 680 kv. m olan tikili, o cümlədən 90 kv. m-lik şəxsi avadanlıq, 200 kv. m-lik toyuq-cücə saxlanılan yer və 390 kv. m-lik istifadəsiz mebel sexi yanaraq yararsız vəziyyətə düşüb.

 

İlkin versiya kimi yanğının mebel sexindəki elektrik xətlərində yaranan nasazlıq səbəbindən baş verdiyi deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv