Sumqayıtdakı qəza Göygöldə təkrarlandı: 2 ölü, 3 yaralı
Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.
APA TV-nin xəbərinə görə, Hacıməlik qəsəbə sakini, 52 yaşlı Qəmşəddin Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun istiqamətlərini ayıran dəmir arakəsməyə çırpıb.
Qəza zamanı sürücü və sərnişin, 49 yaşlı Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Digər 3 sərnişin - 49 yaşlı Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 51 yaşlı Razəddin Məmmədov və Gəncə şəhər sakini, 45 yaşlı Arzu Verdiyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildəkilər toy şənliyindən qayıdırlarmış.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.