Qəbələdə bəy toyuna iki gün qalmış yoxa çıxdı
Qəbələ rayon sakini müəmmalı şəkildə itkin düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini, 31 yaşlı Ramil Əhməd oğlu Hətəmov oktyabrın 1-də evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin sözlərinə görə, Ramil Hətəmov bankomatdan pul çıxarmaq üçün rayon mərkəzinə gedib və toyuna hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon polis şöbəsinə məlumat veriblər. O, evdən çıxarkən əynində göy cins şalvar, dama-dama köynək, ayağında qara ayaqqabı olub. Onun hansı şəraitdə və nə üçün itkin düşdüyü barədə hələlik məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün tədbirlər görürlər.
Məlumata görə, Ramil Hətəmovun oktyabrın 3-də toyu olacaqdı. Bu günlərdə onun nişanlısının qız toyu olub. Oğlan evində də toy mərasimi üçün bütün hazırlıq işləri görülüb. Amma bəyin itkin düşməsi toyu təxirə salıb.
Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin məzunu olan və Bakıda internet provayderi şirkətlərindən birində çalışan Ramil Hətəmovun aylıq qazancının yaxşı olduğu, pul borcunun və heç kimlə şəxsi ədavətinin olmadığı bildirilir.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.