Siyəzəndə qayayadırmanma üzrə Açıq Respublika Çempionatı keçirilir

Siyəzən rayonunda qayayadırmanma üzrə Açıq Respublika Çempionatı keçirilir. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, yarışda 100-ə yaxın idmançı qüvvəsini sınayır. Yarışda FAİREX-in klubunun 20-ə yaxın üzvü ilə bərabər xarici idmançılar da iştirak edir. Yarış kişilər və qadınlar arasında üç mərhələdə keçirilir. Turnirin ilk günü təsnifat seçim yarışları davam edib. İkinci gün isə idmançılar çətinlik mərhələsində mübarizə aparıblar. Çempionatın son günündə, yəni sentyabrın 16-da isə iştirakçılar sürət mərhələsində birincilik uğrunda mübarizə aparacaq. Bu növlər üzrə yarışlar müvafiq olaraq 1/8, 1/4, yarımfinal və final mərhələlərini əhatə edəcək. Yarışın qalibləri şəxsi hesabda yığılan balların cəminə görə müəyyən olunur. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Mübarizədə fərqlənən idmançılar beynəlxalq yarışlarla ölkəmizi təmsil etmək hüququ qazanacaq.

 

Yarış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.

 

Müəllif | Apa.Tv
Vəli Turan