Bakıda bir qrup nurçu məhkəmə zalında həbs edildi
Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar məhkəmə zalında həbs ediliblər. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.