Ərdoğan: “Putinə zəng etməyimin mənası yoxdur”
Belçikaya səfərini yekunlaşdıraraq Yaponiyaya yollanan Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan öz təyyarəsində jurnalistlərə müxtəlif açıqlamalar verib.
APA-nın “Milliyet”ə istinadən məlumatına görə, sual-cavablar əsasən Suriya məsələsi və son vaxtlar bu məsələ ilə əlaqədar gərginləşən Türkiyə-Rusiya münasibətləri ilə bağlı olub.
R.T.Ərdoğan Rusiya hərbi təyyarələri tərəfindən Türkiyənin hava sərhədlərinin pozulması ilə bağlı Moskvanın verdiyi izahatı ciddi qəbul etmədiyini söyləyib: “Qurban bayramının ərəfə günündə Moskvada Putinlə üz-üzə görüşdük. Hava əməliyyatlarının başlamasından dərhal sonra telefon danışığımız da oldu. Bütün bunlardan sonra baş verənlər və hava sahəmizin pozulması onlar tərəfindən yol verilən ciddiyyətsizlikdir. Bu şərtlərdə mənim yenidən onunla əlaqə saxlamağım mənasız olar. Təbii ki, bundan narazıyıq. Biz Brüsseldə olarkən NATO bu məsələ ilə əlaqədar sərt açıqlama verdi. Verilən mesaj çox açıqdır: Türkiyənin hava sahəsinin pozulması NATO hava sahəsinin pozulması deməkdir. Mövcud durumu qəbul edə bilmərik. Hava pozuntuları məsələsində Rusiyanın izahatları inandırıcı deyil”.
Gərginliyin hərbi toqquşmaya səbəb olmasının mümkünlüyü və Putinlə əlaqə saxlayıb-saxlamayacağı haqda sualı cavablandıran prezident Rusiyanın Türkiyə ilə toqquşmaya girəcəyinə ehtimal vermədiyini vurğulayıb. R.T.Ərdoğan gələn həftə yaranmış vəziyyəti ətraflı müzakirə etmək üçün ABŞ prezidenti Barak Obama ilə telefon əlaqəsi yarada biləcəyini diqqətə çatdırıb. Rusiyanın İraq hökuməti dəvət edəcəyi halda bu ölkədə də İŞİD-i bombalaya biləcəyi haqda bəyanatlarına toxunan Türkiyə prezidenti Rusiyanı sərt tənqid edib: “Rusiya Suriyada İŞİD-i vurmur axı. Bir dəfə ağızlarından qaçırdılar ki, Əsəd rejiminə qarşı olan hər qruplaşma bizim üçün terrorçudur. Sonra bu mövqedən bir qədər geri çəkildilər. Görünən odur ki, bunların əsl məqsədi Lazkiyedə (Latakiya - APA.) hərbi baza yaratmaq və Suriyadakı hərbi mövcudiyyətlərini gücləndirməkdir. 50 təyyarə göndəriblər, orada ciddi bir hərbi quruculuqla məşğuldurlar”.