“Türk xalqlarının kitab abidələri” adlı elektron resurs təqdim olundu

Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron versiyalarını virtual məkanda toplayaraq “Türk xalqlarının kitab abidələri" - www.turklib.az adlı elektron resurs yaradıblar.

 

APA TV-nin məlumatına görə, elektron resursun təqdimatı ilə bağlı keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.

 

Prezident Kitabxanasının direktoru deyib ki, prezident İlham Əliyev çıxışında Türk Akademiyasının və Türk Mədəniyyəti və İrs Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkanlar yaradacağını vurğulayıb.

 

Çıxışçılar elektron resursun əhəmiyyətinə diqqət çəkiblər. Filologiya elmləri doktoru  Buludxan  Xəlilov  qeyd edib ki, elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır: "Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıları VI-VIII” kitabəsi, “Gilqamış” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Əhməd Yəsəvinin “Divani-Hikmət”, “Kitabi-Dədə Qorqud”, Fəzlullah Rəşidəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb. “Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və digər türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur".

 

Layihədə həmçinin ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərlərinin, monoqrafiya və ensiklopediyaların elektron variantları verilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı