Fransa prezidenti: "Sünni-şiə davası Avropa ərazisinə də gəlib çata bilər"
"Avropa Suriyada o səbəbləri aradan qaldırmalıdır ki, yüz minlərlə insan həyatda qalmaq üçün Qərbə üz tutmasın". APA TV-nin xəbərinə görə, bu sözlər Fransa prezidenti Fransua Ollanda məxsusdur.
Strasburqda Avropa Parlamentinin iclasında çıxış edən Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bildiriblər ki, total müharibənin baş verməsinə imkan vermək olmaz. Bunun üçün isə Yaxın Şərqdəki vəziyyəti tezliklə nəzarət altına almaq lazımdır.
O da qeyd olunub ki, əgər dini zəmində sünni və şiələr arasında toqquşmalar dərinləşərsə, bu, total müharibəyə çevriləcək və Avropa ərazisinə də gəlib çatacaq. Bunun baş verməsinə yol vermək olmaz.
Fransua Olland sonda əlavə edib ki, bölgədə maraqlı olan tərəflər - İran, Rusiya və Qərb Suriya probleminin siyasi həllini tapmalıdır.