Yeni tədris ili ərəfəsində Balakəndə daha iki məktəb istifadəyə verilib
Balakənin Qullar və Şambul kəndlərində dövlət vəsaiti hesabına inşa edilən məktəblərin açılış mərasimi keçirilib. İlk dəfə məktəbə gedən aztəminatlı ailələrin uşaqları məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunub.
Rayon İcra Hakimiyyəti, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, Qullar kənd 2 saylı tam orta məktəbin bünövrəsi bu ilin əvvəlində qoyulub. İkimərtbəli, 220 şagird yerlik yeni təhsil ocağında 11 sinif otağı var. Burada müasir tələblərə cavab verən kompüter otağı, fizika və kimya lobaratoriyaları, akt və idman zalları və kitabxana fəaliyyət göstərir. Rayonun ucqar Şambul kəndində dövlət vəsaiti hesabına inşa edilən 220 yerlik məkətəbin bünövrəsi bu ilin yanvar ayında qoyulub. İkimərtəbəli yeni təhsil müəssisəsində şagird və müəllimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Açılış mərasimlərində o da qeyd olunub ki, son on ildə Balakən rayonunda 26 məktəb yeni binad fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən iki məktəb inşa edilib. Rayondakı 49 təhsil ocağının əksəriyyəti əsaslı təmir edilib. Yaxın günlərdə rayonda daha bir neçə məktəbin açılışı nəzərdə tutulur.