Saxlanılan şəxs: “Külli miqdarda saxta dolları 45 faizlə Elşən adlı adama satmışam”
Respublikanın daxili işlər orqanlarının keçirdiyi əməliyyat nəticəsində odlu silah-sursatın alqı-satqısı, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Astara rayon sakini Zaur Əliyevin “AKSU” markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları sentyabr ayının 22-də adı istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib. Tədbirin davamı olaraq oktyabr ayının 2-də Z.Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb.
Zəngilan RPŞ və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı şəhər sakinləri Tural Səfərov və Hüseynağa Əsgərov da tutulublar.
E. Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.
İlkin dindirmə zamanı E. Ağalı narkotik vasitələri bir müddət əvvəl satış məqsədilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə H. Əsgərov tərəfindən verildiyini bildirib.
Saxlanılan şəxs Elşən Ağalı bundan əvvəl məhkumluq həyatı yaşadığını deyib: "Bundan əvvəl məhkumluq həyatı yaşamışam. 6 saylı cəzaçəkmə müəssisəsində bir iranlı ilə tanış olmuşam. Həbsdən çıxandan sonra da onunla əlaqəm olub. İrana gedib oradan Bakıya satış məqsədilə narkotik gətirmişəm".
Digər saxlanılan şəxs Hüseynağa Əsgərov saxta pulları Fuad adlı şəxsdən aldığını deyib: "Fuad adlı şəxsdən külli miqdarda ABŞ dolları almışam. Saxta pulları 45 faizlə Elşən adlı şəxsə satmışam. Sonra polis əməkdaşları məni tutdu".
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.