Avropadan Azərbaycana daha 226 baş inək gətirilib

Avropa ölkələrindən Azərbaycana cins mal-qaranın gətirilməsi prosesi davam edir.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına respublikamıza idxal olunan cins düyələrin bu il üçün nəzərdə tutulan 226 baş inəkdən ibarət partiyası “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasına gətirilib.

 

Bildirilir ki, südlük istiqamətli Holşden friz cinsli inəklərin məhsuldarlığı birinci doğuşdan sonra 30 litrə kimi olur. Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayevin sözlərinə görə, düyələr burada 30 gün müddətdə karantində olacaq. Bu müddət dövründə heyvanlarla profilaktik tədbirlər aparılacaq.

 

Baytarlar heyvanları yoluxucu xəstəliklərdən qorumaq və yerli şəraitə uyğunlaşdırmaq üçün bir həftə öncədən təchizat bazasında profilaktik tədbirlərə başlayıblar. Məhsuldarlığı ilə yerli heyvanlardan seçilən cins iribuynuzlular bir aydan sonra lizinq yolu ilə fermerlərə satılacaq. Hazırda gətirilən cinslərin diri çəkisi 500-650 kq arasında dəyişir.

Müəllif | Apa.Tv
Apa.tv