Kler Şort: "Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə liderlik nümayiş etdirir"
Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib.
APA TV-nin xəbərinə görə, ilk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan K.Şort ötən dövr ərzində ölkəmizdə əldə olunan inkişaf münasibətilə prezident İlham Əliyevi təbrik edib. O, Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğulayıb.
Xoş sözlərə görə təşəkkürünü bildirən ölkə başçısı ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlandığını deyən prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlət başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70%-ə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini deyib.
Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.