Bakı Su İdmanı sarayı vətəndaşların istifadəsinə verildi - REPORTAJ

Azərbaycanın ən iri idman komplekslərindən biri olan Bakı Su İdmanı sarayı artıq vətəndaşların istifadəsinə verilib.

 

APA TV-nin xəbərinə görə, qapılarını həm uşaq, həm də böyüklər üçün açmış kompleksdə müxtəlif növ idman məşqləri ilə məşğul olmaq mümkündür. Belə ki, ümumi sahəsi 2500 kvadrat metr olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və digər məşqlər üçün 1500 kvadrat metr sahə ayrılıb.

 

Bakı Su idmanı sarayında həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulan və respublikada analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik isə müasir texnologiya ilə tənzimlənir. Yarışlar üçün nəzərdə tutulan Olimpiya hovuzunun uzunluğu 50, eni isə 25 metr, dərinliyi isə 3 metrdir. Suya tullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi 6 metrdir.

 

Bu hovuzun eni 50 metr, uzunluğu isə 25 metrdir. 20 sıradan ibarət olan hovuzdan həvəskarlar istifadə edə bilər. Günün müəyyən vaxtları yalnız qadınlar üçün xüsusi saatlar ayrılıb.

 

Kompleksdə balaca idmançılar da unudulmayıb. Belə ki, kompleksdə peşəkar məşqçilərin başçılığı ilə 4-16 yaşlı uşaqlar üçün məşqlər keçirilir.

 

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, bu il birinci sinfə gedən uşaqları üzgüçülüyə dəvət edirlər. İlk vaxtlarda ödənişli olsa da, gələcəkdə qruplar pulsuz məşğul ola biləcəklər.

 

Uşaqlar İspaniyadan gətirilən avadanlıqlarla məşq edirlər. Bu, uşaqların həm tez, həm də düzgün texnika ilə öyrənməsinə, texniki hərəkətləri daha yaxşı qavramasına gətirib çıxarır.

 

Mərkəzdə gözəllik salonu, SPA, terapiya və masaj kabinələri mövcuddur. Dincəlmək istəyən müştərilər sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakuzidən istifadə edə bilərlər. Burada uşaq guşəsi də yaradılıb. Balacalar tərbiyəçi və animatorlarla maraqlı və şən vaxt keçirməklə yanaşı müxtəlif məntiq oyunlarında da iştirak edə bilərlər. Bakı Su İdmanı sarayının restoranında idman və klassik yemək menyuları da təqdim edilir. Kompleks ətrafında 500 avtomobilin dayanması üçün parkinq də mövcuddur.

 

Müəllif | Apa.Tv