ŞOK İDDİA: Xəzərdən buraxılan Rusiya raketləri İrana düşüb
ABŞ-ın CNN telekanalı Xəzər dənizi akvatoriyasından atılan Rusiya raketlərinin bir neçəsinin hədəfə çatmadığını bildirib.
APA TV-nin məlumatına görə, telekanal ABŞ-dakı iki vəzifəli şəxsə istinadən bildirir ki, Suriyadakı mövqeləri hədəfə alan Rusiya raketlərindən azı dördü İrana düşüb.
Məlumatı verən şəxslərdən biri insident nəticəsində qurbanların olduğunu ehtimal etsə də, digəri bu məlumatı təsdiqləməyib. Onlar həmçinin raket buraxılışının Xəzər dənizinin cənub akvatoriyasından həyata keçirildiyini təsdiqləyiblər. Rəsmi Vaşinqton bu məlumatı hələlik təsdiqləməyib.
Rəsmi Tehran isə bu barədə hər hansı məlumata malik olmadığını bildirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov CNN telekanalının Rusiya raketlərinin İrana düşməsi barədə yaydığı xəbəri təkzib edib. “CNN-dən fərqli olaraq, biz anonim mənbələrə istinadən məlumat vermirik, biz real vaxt rejimində raketlərin buraxılışını və onların hədəfləri necə vurduğunu göstəririk”, - deyə Konaşenkov bildirib.
ABŞ müdafiə naziri Eşton Karter deyib ki, Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə endirilən raket zərbələri barədə xəbərdarlıq etməyib, raketlər ABŞ-ın pilotsuz təyyarəsindən bir neçə mil aralıdan keçib.
Rusiya Müdafiə Nazirliyi Baş Qərargah Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov isə bildirib ki, Rusiya qanadlı raketlərinin İŞİD-in Suriyadakı mövqelərinə zərbələri barədə tərəfdaşlarının hamısını məlumatlandırıb. Onun sözlərinə görə, raketlər Suriyada bütün hədəfləri dəqiq vurub.