Parlamentə gözyaşardıcı qaz atdılar: deputatlar və jurnalistlər zəhərləndi
Kosovo parlamentinin ötən gün baş tutan iclasında qalmaqal yaşanıb. APA TV-nin məlumatına görə, iclas zamanı müxalifətdən olan deputatlar parlamentin qərarlarını boykot etmək məqsədilə fit çalmağa başlayıblar.
Uzun müddət fit çalan millət vəkillərini parlament rəhbəri Qədri Vesəlinin sakitləşdirmək cəhdi baş tutmayıb. Bunu görən məclis rəhbəri iclasa bir müddət fasilə verib. Fasilədən sonra parlament rəhbəri 30 müxalif deputatın yerdə qalan 90 nəfərin haqqına təcavüz etdiyini və buna icazə verilməyəcəyini deyib.
Bunu görən deputatlar yenidən məclisi fitə basıblar. Müxalifətin bu hərəkətlərinə baxmayaraq, iqtidar yönümlü millət vəkilləri iclası davam etdirməyə qərar veriblər. Bir müddət fit sədaları altında davam edən iclasda əsəblər tarıma çəkilib və iqtidarla müxalifətin şüşə davası başlayıb. Onlar bir-birinə şüşə atmağa başlayıblar. Bütün bunlara baxmayaraq, iqtidaryönümlü millət vəkillərinin bəzi qərarları qəbul etdiyini gördükdə isə müxaliflər zala gözyaşardıcı qaz atıblar.
Tüstü salonu bürüdüyündən, deputatlar dərhal oradan çıxarılmağa başlayıblar. Hadisə zamanı zalda olan jurnalistlər və deputatlar qazdan zəhərlənib. Zərərçəkənlər xəstəxanaya aparılıblar.