Qaradağ sakininə bizlə xəsarət yetirdilər

Ötən gecə paytaxtda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, naməlum şəxs Qaradağ sakininə bizlə 20-ə yaxın xəsarət yetirib.

 

53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında bizlə çox saylı zərbələr endirənlər hadisə yerindən qaçıblar. Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər Rəfail Rəhmanovda 20-yə yaxın kəsilmiş-deşilmiş yara aşkarlayıblar.

 

Həkim Əli Səmədov bildirib ki, müayinə zamanı bədəninin bel, kürək, yuxarı və aşağı ətraflarında, eyni zamanda qarının ön səthində 20-ə yaxın kəsilmiş-deşilmiş yara aşkarlanıb. Onun sözlərinə görə, bizlə yetirilən xəsarət bıçaq yarasından da ağır olur.

 

Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu bayıra çağırıb. O, çölə çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib.

 

Polis cinayət alətinə görə hadisəni törədən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığını ehtimal edir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv