Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən 95 il ötür

1920-30-cu illər arasında Azərbaycanda doğulan oğlan uşaqlarının əksəriyyətinin adı ya, Nuru, ya Ənvər idi. Bakını qaniçən düşmənin dibsiz boğazından çəkib çıxaran iki türk sərkərdəsinin şərəfinə. O zamandan bəri hər 25-30 ildənbir mənzərə təxminən təkrar olunur, Nuru babanın Nuru nəvəsi, Ənvər babanın Ənvər nəvəsi dünyaya gəlir...

Bəlkə də bu adların zamanında Azərbaycanda nədən bu qədər populyar olduğunun heç fərqinə varmamısınız, amma fakt faktlığında qalır. Dünyasını dəyişmiş qohumlarınızın adlarını xatırlaya bilsəniz, arasında mütləq Nuru da taparsınız, Ənvər də... Zəmanənin üzü qara olsun, amma ən qəribəsi budur ki, bu şərəfli adı daşıyanların özləri də kimin şəninə Ənvər, yaxud Nuru olduqlarını çox vaxt bildirmirdilər...

Xalqımız öz qəhrəmanlarını vaxtında layiqincə yaşada bilməsə də, onlara minnətdarlığını aşkar biruzə verməkdən çəkinsə də, ən azından qiymətli xatirələrini sevimli övladlarının adlarında yaşadaraq əbədiləşdirməkdən usanmırdı. Çünki borclu idi onlara. Borclu idi ona görə ki, həmişə qürrələndiyimiz, adını qürur və iftixarla çəkdiyimiz Bakını bizə onlar qaytarmışdı. 1115 şəhid türk əskərinin qanı bahasına qaytarmışdı...

Azərbaycan torpağına ağır 1918-ci ildə səpilən qızıldan qırmızı və qızıldan qiymətli mehmetcik qanının hər damlası bağrı qara laləyə dönüb yamaclarımızı alışdırır. Ömrü qısadır lalənin – elə şəhid mehmetciklərinki kimi. Amma özü o qədər gözəldir ki, yaddaşlarımızda gələn lalə mövsümünədək canlı qalır...

Onları aşkar yaşatmağa iqtidarımız yetmirdi, amma “yayın ortasında Gəncə çölündə çıxıblar düzlərə yenə lalələr” deyib mahnı qoşur, onu dillər əzbəri edərək təsəlli tapırdıq. Və qətiyyən fərqində də deyildik ki, yayın ortasında Gəncə çölündə lalə nə gəzir?..
Bu gün onların anım günüdür. Təmənnasız xidmətin, qərəzsiz qardaşlıq yardımının, ər heysiyyəti və mənliyinin, cəsarətin, qətiyyətin, kişiliyin, vətənə qeyd-şərtsiz qulluğun rəmzi - türk mehmetciyinin anım günü.

“Nədən burda ölməliyəm?” sualı vermədən soydaşının yardımına qalxan, millət və din adına Azərbaycanda şəhid olduğundan hər birimizdən daha çox azərbaycanlılaşan mehmetciklərin... Qarabağ savaşında canını verən dəyərli gənclərimizə örnək olmuş mehmetciklərin... Daha böyük sevdanın eşqinə doğulduğu el-obadan, seçdiyi sevgilisindən min ağac uzaqlaşıb Azərbaycanda ölümünə “xoşgəldin” deyən mehmetciyin...

Biz unutqan deyilik. Zaman-zaman unutdurmağa çalışsalar da, unutmadıq, çünki artıq qan yaddaşımızdasınız... Bunu lap uşaq yaşlarından yol kənarındakı “Türk qəbri”ni ziyarət etməyə alışdırılan birisi kimi, Şəhidlər Xiyabanımızdakı el və soyadlarınızı birər-birər oxumaqdan qürur duyan birisi kimi deyirəm...

Bu gün Sizin anım gününüzdür. “Haqqınızı halal edin” . Qarşıda hələ müqəddəs savaşlarımız çoxdur. Bu savaşların sonucunda Qarabağda da lalələr bizim şahidliyimizlə bitəcək...



Nuru və Ənvər paşa, qayğılanmayın, qisasımızı qiyamətə qoymarıq. Qarabağı mütləq alıb həm də sizlərin ruhuna bağışlayacağıq. Onda hər il sentyabrın 15-də, Bakını bizə bağışladığınız gün Şuşada da anım gününüz qeyd olunacaq . Bundan sonra mehmetciklərin məzarı üstündə “Haqqınızı halal edin” xitabımıza gərək də qalmaz yəqin ki. Deyilmi, qardaşlar?..

Müəllif | Apa.Tv
Apa.tv