Lerik və Yardımlıda 290 vakant müəllim yeri var
Sentyabrın 16-da Lerik və Yardımlıda bir neçə yeni məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Hazırda Lerikdə 14 məktəb tikilir. Bunlardan altısı istismara hazır vəziyyətə gətirilib. Digər məktəblərdə isə son tamamlama işləri gedir.
Yardımlıda isə yeni tikilmiş Avaş və Alçabulaq kənd məktəblərinin açılışı olacaq. Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Balışovun sözlərinə görə, rayonda daha 6 məktəbin tikintisi davam etdirilir. Hər iki dağ rayonunun təhsil şöbələrini narahat edən əsas məsələ məktəblərin təmiri və ya təmirsizliyi deyil, müəllim çatışmazlığı ilə bağlıdır.
Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Balışov APA TV-yə bildirib ki, məktəblərdə kadr problemi qalmaqdadır. Bu il 86 vakant yer təqdim olunub, test imtahanlarından keçən 15 müəllim vakant yerlərə təyin olunub. Lakin onlardan yalnız 6 nəfər gələrək qeydiyyata düşüb. Rayonda əsasən informatika , coğrafiya, dil - ədəbiyyat, tarix fənnləri üzrə müəllimlərə ciddi ehtiyac var”.
Yardımlı ilə müqayisədə Lerikdə vəziyyət daha kritikdir. Rayonda 109 məktəb var ki, onlarda da ümumilikdə 200-dən çox vakant yer var.
Qeyd edək ki, Lerik rayonunda 109 məktəbdə 1269, Yardımlıda isə 80 məktəbdə 1187 müəllim şagirdləri təlim-tərbiyəsi ilə məşğuldur.