ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş münaqişə" deyil”

"Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və bu əlaqələrin səviyyəsini daha da yüksəltməyə çalışırıq”. APA TV-nin xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

O bildirib ki, artıq 20 ildən çoxdur iki ölkə enerji sahəsində əməkdaşlıq edir: “Digər sahələrdə də böyük potensial görürəm. Biz iqtisadiyyatın diversifikasiyası sahəsində əməkdaşlığı müzakirə edirik. Bizim yardım proqramlarımız var ki, Azərbaycanda kənd təsərrüfatının, internet ticarətinin inkişafı, nəqliyyat, ərzaq daşınması və digər sahələrin inkişafı üçün ayrılır. Bunlar əməkdaşlığı inkişaf etdirə biləcəyimiz sahələrdir. Bu kimi layihələri Azərbaycanda USAID həyata keçirir”.

  

Diplomat təmas xəttində gərginliyin artması hallarından narahatlıqlarını dilə gətirib. O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik rusiyalı və fransalı həmkarları ilə birlikdə bu məsələ ilə məşğul olur: “Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edirik. Biz bu münaqişəni "dondurulmuş" münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, "dondurulmuş" münaqişə deyil.  Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq. Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.

Müəllif | Apa.Tv
Apa.tv