IX Azərbaycan Beynəlxalq Karyera sərgisi başladı
Bakı Ekspo Mərkəzində IX Azərbaycan Beynəlxalq Karyera sərgisi işə başlayıb. APA TV-nin məlumatına görə, Təhsil Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq “Təhsil” və “Karyera” sərgisi eyni vaxtda keçirilir.
Sərginin açılışında iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu sərgilər Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbirdir: "Burada indiyədək ən çox sayda - 136 müxtəlif beynəlxalq təşkilat, Azərbaycan və xarici ölkələrin universitetləri iştirak edir. Biz hesab edirik ki, belə bir platformalarda Azərbaycan təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni idarəetmə modellərinin tətbiqi, tələbələrin işəgötürənlərlə sıx əməkdaşlığı baxımından bu tədbirlərin rolu böyükdür".
Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunub. Latviya və ABŞ bu sərginin ilk iştirakçılarıdır. Sərgidə diqqət çəkən stendlərdən biri “Lüblində təhsil al” (“Study in Lublin”) təşkilatının olub. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir.
Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunub. Həmçinin bu il “Azercell”, “Azersu”, "Azersun Holdinq", “Formula1 Bakı Avropa Gran Prisi”, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” (ABŞ), ARDNŞ və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər. Bundan başqa, “Formula1 Bakı Avropa Gran Prisi” layihəsinin Təşkilat Komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirib.
Sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanı əldə edə bilərlər. Bundan başqa, “Gilan Holding” şirkəti tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımı qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.
Sərgidə APA Holding MMC media qurumu kimi təmsil olunub.
Sərgi oktyabrın 11-ə kimi davam edəcək.
Jalə Məmmədli
Emin Qaraşlı