Yolları dağıdan mişar daşı - PROBLEM
Bu gün əsasən mişar daşı və digər tikinti materiallarının ağır tonnajlı yük maşınları ilə uzaq məsafələrə daşınması yolları sıradan çıxarır.
Respublikanın avtomobil yolları ağır tonnajlı maşınların intensiv hərəkəti səbəbindən tez-tez sıradan çıxır. Yüz kilometrlərlə məsafəyə daşınan 30-60 tonluq yüklər yolların özülünə təsir edərək onu dağıdır. Bu isə yollarda narahatlıq yaratmaqla yanaşı, əlavə vəsait itkisidir. Respublikanın tikinti texnologiyasında prioritet material olan mişar daşı əslində bütün parametrlərinə görə ən azı qadağan olunmalıdır. Karxanalarda istehsal prosesindən tutmuş, daşınma, tikintidə istifadə, fəhlə əməyi və ekoloji təsirlərinə qədər bu materialın mənfi tərəflərindən danışmaq olar. Mişar daşının yalnız daşınma prosesi əsl baş ağrısıdır. Hər bir daşın ağırlığı 30-32 kiloqram çəkiyə bərabərdir. Əsasən “KamAZ” markalı yük avtomobillərinin daşıdığı bu tikinti materialı 700-800 ədəd daş tutur ki, bu da yükləmə prosesi zamanı fəhlə üçün çox ağır, hətta qul əməyinə bərabər bir işdir.
Normadan artıq yüklənmiş maşınlarda yükün oxa düşən təzyiqi zavod normasından dəfələrlə çoxdur. 8-13 ton yükgötürmə qabiliyyəti olan köhnə tipli “KamAZ” markalı avtomobillər faktiki 25 tondan çox yüklənir, üstəlik, avtomobilin öz çəkisi. İntensiv hərəkət daha çox yay vaxtlarında istinin təsirindən yumşalan asfalt qatını dağıdaraq sıradan çıxarır.
Belə yük yollara böyük ziyan vurmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Yük daşımaq üçün nəzərdə tutulan Çin istehsalı olan 70 tonluq (yüklə birgə çəkisi) “Shacman” markalı avtomobillər də dağıdıcı qüvvəyə malikdir.
Başqa bir problem isə mişar daşının tikintidə tətbiqidir. Ağırlığı 30-32 kiloqram olan daşla tikilən ev və digər tikililər, fəhlə və ustanın əli ilə bir-bir daşı-daş üstə qoyması ilə başa gəlir. Ağır olduğundan, usta və fəhlələr daşı baha hörür. Üstəlik, daşın biri alıcıya 50-70 qəpiyə başa gəlir ki, bu da maddi baxımdan sərfəli deyil. Beləcə, orta səviyyəli fərdi ev tikmək üçün yalnız daşa 10-15 min manat vəsait xərclənir.