Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova vəfat edib.
APA TV-nin xəbərinə görə, ürək çatışmazlığından əziyyət çəkən tanınmış aktrisa 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. 1970-1974-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. Aktrisa bir çox ekran əsərlərində rol alıb. Ən yadda qalan rolları "Həm ziyarət, həm ticarət", "Bağ mövsümü", "Bəxt üzüyü" filmlərində yaratdığı obrazlardır. 2004-cü ildən Prezident təqaüdçüsü olub.
Nuriyyə Əhmədovanın iki övladı olub. Övladlarının ikisi də vaxtsız dünyalarını dəyişib. Aktrisa bu gün Mərdəkanda ailə məzarlığında torpağa tapşırılacaq.