Bakıda avtomobil ehtiyat hissələri satılan mağazalar yandı

Bakının Nizami rayonu ərazisində yanğın baş verib. APA TV-nin xəbərinə görə, yanğın Babək prospektində yerləşən bir neçə mağazada qeydə alınıb.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə 3 rayonun Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın 120 kv. metr ərazini əhatə edib. Yanğınsöndürənlərin səyi ilə 60 kv. metr ərazi yanğından mühafizə olunub. Qalan hissə içərisindəki əşyalar və yanar konstruksiyalarla birgə külə dönüb. Avtomobil ehtiyat hissələrinin satıldığı mağazaların yanması nəticəsində sahibkara nə qədər maddi ziyanın dəydiyi məlum deyil.

 

İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranmış qısaqapanmadan qaynaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv