Suriya generalı: "Terrorçular rusların qorxusundan şəhərləri tərk edirlər"

Suriya ordusu rus aviasiyasının dəstəyi ilə əl-Baxsa şəhərini azad edib. APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, hücum nəticəsində terrorçulardan başqa 40 dinc sakinin də meyiti aşkarlanıb.

 

Bu hücum zamanı ilk dəfə Rusiyanın Mi-8amtş hərbi helikopterlərindən istifadə olunub. Bu helikopterlərin istehsalı ən qaynar nöqtələrdə istifadə üçün nəzərdə tutulub.

Mi-8-lərin əməliyyatına Mi-24 helikopterləri də dəstək veriblər. İŞİD-in bu ərazidəki mövqelərinin darmadağın edildiyi bildirilir.

Əl-Baxsa şəhəri Latakiya vilayətinin 100 kilometrliyində yerləşir. Şəhəri avqust ayında Suriyanın "Əl-Qaida" qanadı olan "Ən-Nüsra Cəbhə"si ələ keçirib.


Suriyanın ordu generalı Samir Süleyman bildirib ki, həmin terrorçular Əfqanıstanda və İraqda xüsusi təlim keçiblər.

"Amma buna baxmayaraq, onlar rus aviasiyasından qorxdular və şəhəri tərk etdilər", deyə general əlavə edib.
 

Müəllif | Apa.Tv
Apa.tv