Qubada qəribə hadisə: gecələr evləri daşlayanı tapmaq müşkülə dönüb

Quba rayonunun Hacıhüseynli kəndində gecə saatlarında naməlum şəxs evlərin damlarını daşa tutur. Kənd sakinləri nə qədər cəhd göstərsələr də, nə həmin şəxsi tanıya, nə də tuta biliblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirir ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbiristanlıqda gözdən itib.

 

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir. Həmin ərəfədə kənd sakini Ayxanım Səfərovaya məxsus yardımçı tikilidən kartof və turşu balonları oğurlanıb: "Gecə qapıları bağlayıb yatdım. Səhər durub gördüm ki, qapı açıqdır, kartoflar yerdə. Bir yeşik kartof və tutmaları aparmışdı".

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür.

 

Müəllif | Apa.Tv
Vəli Turan