Bal, bal, bal kimi... - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il də bal yarmarkası keçirilir. APA TV-nin məlumatına görə, bu dəfə 250 ton bal satışa çıxarılıb.

 

7 iqtisadi rayon üzrə qruplaşdırılan istehsalçılar burada bal və arı məhsullarını satırlar. Yarmarka açılar-açılmaz hər kəs öz məhsulunun keyfiyyətindən danışırdı.

 

Sərgidə təkcə bala deyil, həm də digər arı məhsullarına maraq var.

 

Sərgidə maraqlı stendlərdən biri də içərisi ovulmuş ağacdır. Arı burada öz pətəyini toxuyur və bal yığır. Bu pətəyin hazırlanması bir yaz müddətində başa çatır.

 

Sərgidə ən bahalı bal beçə balıdır. Bu bal pətəyi ilə birlikdə gətirilib. Balın kilosu 50 manatdır.

 

Paytaxt sakinlərinin əksəriyyəti bal seçməkdə təcrübəsiz olduğunu söylədilər. Onlar balı satıcıların tövsiyəsi ilə aldıqlarını deyirlər.

 

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, keçən il yol verilmiş nöqsanları aradan qaldırmaq üçün sərt tədbirlər görülüb. Əvvəlki illərdə olduğu kimi, bu il də satıcılar bazara saxta məhsullar çıxarmaq istəyiblər. Yoxlamalar nəticəsində 18 ton bal bazardan çıxarılıb: "Respublika Baytarlıq Laboratoriyasında analiz aparılarkən 5 satıcı tərəfindən təqdim olunmuş məhsulların keyfiyyətinin aşağı olunması müəyyənləşdirildi. Biz onların məhsullarını kənarlaşdırdıq. Məqsədimiz ondan ibarətdir ki, təbii, orqaniq məhsullar satışa çıxarılsın".

 

Nizami küçəsi 92-də təşkil edilən yarmarka noyabrın 10-dək davam edəcək.

 

Müəllif | Apa.Tv