Altı aylıq oğlana şəhid medalı - AZƏRBAYCANDA

Ağdam rayonunun "Dörd yol-1" qəsəbəsində ötən il düşmən atəşinin qarşısını alarkən şəhid olan kiçik çavuş Tural Məhərrəm oğlu Əhmədovun anım mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib.

 

Mərasim iştirakçıları 24 yaşlı kiçik çavuşun ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanındıqlarını vurğulayıblar.

 

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani tərəfindən onun ölümündən sonra dünyaya gələn 6 aylıq övladı olan və atasının adını daşıyan Tural Əhmədova təqdim olunub.

 

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv