Göyçayda minik avtomobili yandı
Göyçay şəhərində minik avtomobili yanaraq yararsız hala düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 11-də axşam saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 218-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.
1982-ci il təvəllüdlü Göyçay sakini Kamran Nəriman oğlu Ələsgərov idarə etdiyi 10 GS 246 dövlət nömrə nişanlı “VAZ-2109” markalı minik avtomobili ilə hərəkətdə olarkən yanğın hadisəsi baş verib. Avtomobilin mühərrik hissəsində qısaqapanma səbəbindən başlayan yanğın tez bir zamanda avtomobilin hər tərəfini əhatə edib. Sürücü tək olduğu üçün yanğının qarşısını almaqda aciz qalıb və avtomobili tərk edərək özünü alovdan xilas edib. Hadisə yerinə gələn Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi yanğını söndürüblər.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.