Səfir: "Azәrbaycan vә İranın dәmiryolu xәtlәri birləşir"

Azәrbaycan vә İranın dәmiryolu xәtlәri 2016-cı ilin sonuna kimi birləşəcək. APA TV-nin xəbərinə görə, bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pak Ayin deyib.

 

Oktyabrın 9-10-da Azərbaycan və İranın Astara şəhərlərində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı keçirilən görüşlərin nәticәlәri barәdә danışan diplomat bildirib ki, bu mәqsәdlә Azәrbaycan tәrәfindә 7 km, İran tәrәfindә isə 2 km dәmir yolu xәtti çәkilmәlidir: "Azәrbaycan artıq 10 gün әrzində bu prosesә başlayacağını bildirib. Hәmçinin dəmiryolunun İran tərəfinə keçməsi üçün çay üzərində körpü tikilməlidir. Hər iki ölkə razılığa gəlib ki, xərclər yarıbayarı ödənilsin. Həmçinin İran ərazisində 4 milyon ton potensiala malik gömrük terminalı inşa olunacaq. Hәr iki ölkә Asiya vә Avropaya açılan bir qapıdır".

 

Sәfir Rәşt-Astara dәmiryolu xәttinin tikintisinә dә toxunaraq, onunla bağlı işlәrin hәlә başlamadığını deyib. Səfir bildirib ki, hazırda Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryolu xәttinin tikintisinә maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Bu dәmiryolu xәttinin uzunluğu 170 km olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmiryolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq.

 

Tədbirdə bildirilib ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri dәyişib. Diplomatik missiyası müddəti başa çatan Seyyid Məhəmməd Ayətullahini bu vәzifәdә Məhəmməd Rza Nəcəfi әvәzlәyib. İranın Astara şəhərindən olan Məhəmməd Rza Nəcəfi Xarici İşlər Nazirliyində bir çox vəzifələrdə çalışıb. Azərbaycan dilini yaxşı bilir.

 

Mәhәmmәd Rza Nәcәfi fәaliyyәt göstәrәcәyi müddәtdә iki ölkә arasında münasibәtlәrin dәrinlәşmәsinә öz töhfәsini vermәyә çalışacağını bildirib.

 

Müəllif | Apa.Tv