Nuru Paşanın 12 metrlik heykəlinin eskizləri hazırlanıb - REPORTAJ

Şəhərin səs küyündən uzaqlaşıb, sakit, bir qədər soyuq görünən bu emalatxanaya gələndə düşündüyüm tək bir şey oldu. Əcəba bu qədər cansız baxışlar bir zaman gerçəkmi olmuş. Emalatxanada kimlər yox idi. Əli belində şəxslə dayanan Lenindən tutmuş, misri qılıncını sıyırıb hayqıran Koroğluya, sadə fəhlədən, məhşur xanəndələrə kimi. Emalatxanada Azadlıq fədailərinin isə xüsusi yeri var. Heykəltaraş Cümşüd İbrahimli deyir ki, yaratdığı heykəllərin hər biri ayrı-ayrılıqda tariximizin bir səhifəsidir. Bu tarixin içində tək azərbaycanlılar deyil, eyni zamanda həyatının müəyyən dönəmini ölkəmizə bağlayan insanlar da var. Elə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa kimi. 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının daşnaq - bolşevik işğalından azad edilməsi ilə Nuru Paşa tariximizin silinməz hissəsinə çevrildi. At belində, əlində qılınc təsvir olunan Nuru Paşanın bu balaca heykəlində Qafqaz İslam Ordusu komandanının xalqımız qarşısında göstərdiyi böyük şücaətlər ümumiləşdirilib.

Heykəltaraş deyir ki, at türk xalqının əzəldən ən yaxın dostu olub. Sərkərdələrimiz döyüşlərə hər zaman at belində gediblər. Qəhrəmanlıq səlnaməmizin nümayəndələrini elə qəhrəman kimi təcəssüm etdirmək isə vacib şərtdir. Çünki bu qəhrəmanın əməlləri ilə görünüşü arasında mütləq sintez olmalıdır.

Sözü gedən layihəni artıq Türkiyə səfirliyinə təqdim edən Çümşüd İbrahimli ümid edir ki, uzun illərdən bəri arzusunda olduğu heykəli ucaldacağı günü yaxın gələcəkdə görə biləcək. Çünki abidə kompleksində təkcə Nuru Paşanın heykəli deyil, eyni zamanda dövrün ictimai-siyasi prosesləri də əks olunub.

Heykəltaraş deyir ki, pyetsedalla birlikdə umumi hündürlüyü 12 metr olacaq heykəli Bayılda, Sahil bağında, yaxud da Azneft meydanında ucaltmaq arzusundadır. Elə çəkdiyi ezkiz layihələrində heykəlin yeri məhz Azneft meydanı göstərilir. Təbii ki, bu seçimin öz səbəbləri var. Heykəltəraş öz istəyini Nuru Paşanın ordusunun Bakıya Bayıl istiqamətindən daxil olması ilə əsaslandırır.

Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn, Bakını işğaldan azad edən, bu müqəddəs yolda mindən artıq şəhid verən Qafqaz İslam Ordusu və şanlı türk əsgəri qarşısında hamımızın bir vəfa borcu var. Hər kəs bu borcunu bir yolla ödəməyə çalışır. Elə Cümşüd İbrahimli kimi. Arzu da, əməl də ortadadır. Arzumuz çin olsun!
 

Müəllif | Apa.Tv