DSX: Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 49 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Əfqanıstan, 6 nəfəri Banqladeş, 5 nəfəri İran İslam Respublikası, 3 nəfəri Malaziya, 2 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, 2 nəfəri Pakistan, 2 nəfəri Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Sentyabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Rzayev Şöhrəddin Qəribəli oğlunun əl yükündən 417 qram heroin, sentyabr ayının 28-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Qaraşov Dünyamalı Ağaməli oğlunun əl yükündən 750 qram tiryək, 98 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Sentyabr ayının 29-da Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 10 kiloqram 470 qram narkotik maddə ilə saxlanılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 47 halda ümumi dəyəri təqribən 177 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd pnevmatik tapança, pnevmatik tapança üçün 250 ədəd qırma, 4 ədəd elektrokeyləşdirici, 1 ədəd gözyaşardıcı qaz balonu, 257 ədəd 12 mm-lik patron, 1 ədəd beşbarmaq, 2 ədəd radiostansiya, 28 ədəd mobil telefon, 544 qutu pirotexniki vasitələr, 1354 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.