Göyçayda avtomobil atı vurub öldürdü: 2 yaralı

Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 12-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Cəyirli kənd sakini, 1994-cü il təvəllüdlü Aqil Şamil oğlu Adıgözəlov idarə etdiyi 10 SB 804 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı atı vurub. Zərbənin təsiri nəticəsində at avtomobilin içinə girib. Hadisə zamanı at ölüb, sürücü Aqil Adıgözəlov və sərnişini, 1993-cü il təvəllüdlü Saabov Ağarza Şirbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, hadisəyə gecə vaxtı atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsi səbəb olub. Hazırda atın sahibi axtarılır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov