Saxlanılan şəxs: “Toydan şadlıq evinə borcum qalmışdı, ona görə oğurluq etdim”

Toydan sonra şadlıq evinə 1150 manat borclu qalan Niyaz Fərəməzov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

 

APA TV-nin məlumatına görə, adı çəkilən şəxs restoran sahibinin deyil, Niyazın anasının xalasının şikayəti əsasında saxlanıb.

 

Fərqanə İbrahimova polisə ərizə yazaraq evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Ailəyə yaxın olan şəxslər, son günlər evə gedib-gələnlər dindirildikdən sonra Niyaz Fərəməzovun ifadəsi istintaqda müəyyən şübhələr doğurub.

 

Niyaz Fərəməzovun toyu oktyabrın 1-də olub: “Oktyabrın 1-də toy etmişdim. Restoranda stollar boş qalmışdı, qonaqların bəziləri gəlməmişdi. Bir də toydan qabaq hazırlıqdan, paltar icarəsinə görə borc yığılmışdı. Məni sıxışdırdılar, ona görə oğurluq etdim”.

 

Saxlanılan şəxs oğurluq hadisəsini törətmək üçün tanışları Namiq Pirverdiyev və Simran İlyasova xalasıgilə bərabər getməyi təklif edib. Niyaz Fərəməzov oktyabrın 5-də adıçəkilən şəxslərlə cinayət əlaqəsinə girərək, qohumu Fərqanə İbrahimovanın mənzilinə girərək oradan qızıl-zinət əşyalarını oğurlayıb. İstintaq davam edir.

Müəllif | Apa.Tv
Apa.tv