Aşura mərasiminin tarixi açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı tədbir keçirilib. İdarənin Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.
APA TV-nin xəbərinə görə, fətvada bildirilib ki, Hicri 1437-ci ilin başlanğıcı Məhərrəm ayının 1-i Miladi təqvimlə oktyabrın 15-nə, Aşura günü - Məhərrəm ayının 10-u isə oktyabrın 24-nə təsadüf edir.
QMİ sədri Hacı Allahşükür Paşazadə bildirib ki, hər il olduğu kimi, Qazilər Şurası Aşura mərasiminin keçirilməsi ilə bağlı din xadimlərinə tövsiyələr verib. QMİ sədri Aşura zamanı Səhiyyə Nazirliyi ilə birgə qana ehtiyac duyan xəstələrin ehtiyacları üçün qanvermə aksiyalarının təşkil olunacağı barədə məlumat verib.
Tədbirdə Şeyxülislam QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, Azərbaycanda əhalinin 30 faizə qədəri sünni, 60 faizdən çoxu şiədir. Bu faiz nisbətinə baxmayaraq, təqvim hər iki təriqətin nümayəndələrinin birgə məsləhəti ilə yerli coğrafiyaya uyğun hazırlanıb. Qaydalara əməl etməyənləri cəza gözləyir: "Axırda bir nöqtəyə gəldik ki, şiələr və sünnilər bayramları bir gündə qeyd edəcəklər. Prezident lap 10 gün bayram verə bilər, ancaq bayram namazı eyni vaxtda qılınacaq. Bunu hamı bilsin. Bizə şikayət gəlsə ki, yerlərdə axundlar buna əməl etmir, onda biz onlar barəsində tədbirlər görəcəyik".
QMİ sədri hazırda dünyada gedən mürəkkəb proseslər-iqtisadi böhran, siyasi gərginliklər, mənəvi aşınmalar barədə fikirlərini bölüşərək dindən, müqəddəs İslam adından sui-istifadə edilərək, terror və işğalların həyata keçirilməsinin fəsadlarından danışıb.